“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

Tədbir haqqında

Azərbaycanda nadir  təbii abidələrdən biri olan Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanar dağ" abidəsinin ərazisi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 may 2007-ci il 2141 №-li sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Abşeron rayonunun Məmmədli kəndinin qərbində, Bakı şəhərinin mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məmmədli-Digah şose yolunun solunda yerləşir və 64,55 hektar ərazini əhatə edir.

     Qoruğun tərkibində “Yanardağ” – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə  “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sandukələr ilə zəngin iki qəbristanlıq, kükürdlü su qaynayan müalicəvi bulaqlar, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, yerli əhali tərəfindən müqəddəs hesab edilən qara rəngli daşların qorunduğu Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, füsunkar görüntüyə malik Qırməki vadisi, qədim köçəri türk xalqlarının dəfnetmə adətlərini əks etdirən kurqan – təpəvari qəbr abidəsi aiddir.

     “Yanardağ” təbiət  abidəsi yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında vulkanik-tektonik proseslərdən yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. Bakının rəmzi hesab olunan üç alov və dəniz simvolu da Yanardağın əks istiqamətində vaxtı ilə aktiv şəkildə daimi alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur. Təsadüfi deyil ki, Yanardağ və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilən ərazilər olublar. “Yanardağ” və ətrafındakı ərazilər son Paleolit dövründən etibarən insanlar tərəfindən sıx məskunlaşılmış ərazilər olub. Yanardağ ətrafında tapılmış qaval daşı və digər qədim maddi-mədəniyyət nümunələri buna əyani sübutdur.

    2018-ci il 17 iyul tarixində Cənab Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam vermişdir. Buna uyğun olaraq qoruqda yenidənqurma işlərinə başlanılıb.

Yaş məhdudiyyəti / Dil

0+
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu