Şıxəli Qurbanov “Sənsiz” əsərinin qısa məzmunu
“Sənsiz” dramı Şıxəli Qurbanovun yaradıcılığında öz dövrünün ən cəsarətli əsəri kimi qəbul edilirdi. Bu əsər sosialist sisteminin içində mövcud olan QULAQ (GULAG) düşərgə sisteminin dəhşətlərini və həmin sistemin yaratdığı fəsadları tam reallığı ilə əks etdirən ilk və yeganə əsərdir.
Əsər 1937-ci ilin məşum repressiyalarına məruz qalan və həyatlarından, ailələrindən qoparılan insanların taleyindən – Tərlan və Sevincin həyat hekayəsindən bəhs edir. Tərlan 18 il ərzində sürgündə ağır məşəqqətlər içində yaşayır. Lakin təkcə o əzab çəkmir; onun yolunu 18 il boyunca gözləyən Sevinc də eyni zülmü, acını çəkir. Sevinc, Tərlanın günahsız olduğuna dair bəraət xəbərini aldıqdan sonra, onu tapmaq üçün yola çıxır. O, ərini – ya diri, ya da ölü tapmaq məqsədilə yola düşür. Bu qərarı onun Tərlandan başqa heç bir həyat, heç bir səadət və başqa ailə istəmədiyini sübut edir.
Toy gecəsi Sevincindən ayrılan və 18 ildən sonra geri dönən Tərlan uzaqdan da olsa onu görmək istəyir. Lakin o, Sevincin Fərhadla yaxın münasibətdə olduğunu düşünərək, onun xoşbəxtliyinə mane olmamaq üçün özünü tanıtmadan, səssizcə geri çəkilmək qərarına gəlir. Getmədən öncə isə sürgündə olduğu 18 il ərzində özü ilə daşıdığı “Kiçiktəpə” geoloji araşdırmasının nəticələrini Fərhada verir. Bu kəşf Fərhada respublika miqyasında şöhrət qazandırır, amma Fərhad bu yükün ağırlığını qaldıra bilmir.
Heç vaxt Fərhadın sevgisinə qarşılıq verməyən Sevinc isə Tərlanın adına yola çıxır. Bu xəbər Fərhadın bütün ümidlərini məhv etsə də, o, Tərlanla olan görüşü zamanı kimliyini və əsl insani dəyərlərini yenidən müəyyən edir. Fərhad da Tərlanı saxlamaq və Sevincə qovuşdurmaq üçün vağzala gedir.
Nəhayət, Fərhad və Maralın səyi nəticəsində Sevinc Tərlana, Tərlan isə Sevincə qovuşur. Bu görüşdə bütün yanlışlıqlar, səhvlər və ittihamlar yoxa çıxır. Əsərin sonunda ədalət qalib gəlir və uzun illər çəkilən zülmlərə baxmayaraq, həqiqi xoşbəxtlik bərqərar olur. Əsər oxucuya çatdırır ki, həqiqət və xoşbəxtlik batmır, itməz və hər zaman yenidən dirçələr.