Azərbaycan Dövlət Kukla Teatrının son premyerası yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır.
Teatrın baş rejissoru Prezident mükafatçısı Anar Məmmədovun quruluş verdiyi birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar Artist Vüqar Camalzadədir.
Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.
Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.