Çingiz Aytmatov “ƏSRƏ BƏRABƏR GÜN”
“Əsrə bərabər gün” tamaşasını Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandıra bilərik.
Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Boykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz qalaktikada da yeri olmayacaq.
Tamaşa bağlanmış yol – “giriş qadağandır” əmrilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını itirib manqurta çevrilən nəslin faciəsindən, qədim yurd yerlərində salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edilməsinin fərqində olmayan, genetik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir.
“Əsrə bərabər gün” əcdadlarımızdan bizə gələn və bizdən sonra mütləq ötürüləcək bir az mistik, bir az fantastik, bir az da realist kontekstdə həll olunmuş rəvayətdir.
“Əsrə bərabər gün” – əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsi...
Əsrdən uzun gün. Torpaq və Yaddaş haqqında ən uzun hekayət...