Bədii gimnastika üzrə 2-ci beynəlxalq “Ocaq kuboku”

Tədbir haqqında

Ölkəmiz gimnastika növü üzrə daha bir beynəlxalq yarış ərəfəsindədir. Noyabrın 10-dan 12-dək “Ocaq Sport” klubunun təşkilatçılığı ilə paytaxtımızda bədii gimnastika üzrə 2-ci beynəlxalq “Ocaq kuboku” təşkil ediləcək. Milli Gimnastika Arenasında keçiriləcək yarışda yerli və xarici klubların kiçikyaşlı gimnastları mübarizə aparmaq imkanı əldə edəcəklər. Son qeydiyyat siyahısına əsasən, yarışda 12 ölkəni təmsil edəcək 21 klubdan 491 fərdi gimnast və 13 qrup komandası qüvvəsini sınayacaq.

Yarışda 2008-2017-ci il təvəllüdlü  gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” Klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, eləcə də yığma komandalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir. İdman ocağının yetirmələri indiyədək ölkəmizdə  gimnastikanın inkişafına öz uğurlu töhfələrini veriblər. Klubun idmançıları dəfələrlə yerli yarışlarda fərqlənərək yığma komandanın heyətində yer alıb, eləcə də müxtəlif beynəlxalq yarışlarda nailiyyətlər qazanıblar. Klubda gimnastikanın 8 yarış növü - bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika, aerobika gimnastikası, TeamGym, Parkur, Xüsusi Olimpiya (bədii gimnastika) üzrə bölmələr və qeyri yarış növü olan gimnastika hamı üçün bölməsi fəaliyyət göstərir. “Ocaq Sport” Klubu tərəfindən hər il mütəmadi olaraq müxtəlif idman növləri üzrə yerli yarışlar təşkil edilir. Xatırladaq ki, ötən il ilk dəfə olaraq ölkəmizdə bədii gimnastika üzrə 1-ci beynəlxalq “Ocaq kuboku” təşkil edilmişdi.

Yaş məhdudiyyəti / Dil

6+
Bədii gimnastika üzrə 2-ci beynəlxalq “Ocaq kuboku” Bədii gimnastika üzrə 2-ci beynəlxalq “Ocaq kuboku”