Azərbaycan xalq nağılı “CırtdaNino”
Yaş həddi: 3+
Müəllif: Pərvin Nurəliyeva
Quruluşçu rejissor: Elşad Rəhimzadə
Bəstəkar: Cahangir Zülfüqarov
Baş rolların ifaçıları: Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Elnur Hüseynov, artistlərdən Asya Atakişiyeva, Zümrüd Quliyeva, Ramil Məmmədov, Hökümə Rəhimzadə, Aydan Həsənzadə, Hüseyn Bayramov
Janr: alleqoriya (nağıl-tamaşa)
Tamaşanın müddəti: birhissəli, 50 dəqiqə
“Çırtdan” adlı Azərbaycan xalq nağılı mifik bir məxluq olan Divdən uşaqları qurtaran Cırtdan adlı ağıllı bir gənc oğlandan bəhs edir. Cırtdan Azərbaycan nağıllarının ən məşhur personajlarından biridir. Cırtdanın öz dostları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatı çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub: "Kim yatıb, kim oyaq?" -deyə soruşmuşdu, Cırtdan isə ona: "Hamı yatıb, Cırtdan oyaq,"- cavabını vermişdi. Bu, xalq arasında geniş yayılmış bir məsəldir. Çünki hamı Cırtdanı sevdiyi üçün valideynlər də bu məsəldən istifadə edərək, zarafatla övladlarına “Cırtdan” deyirlər. Bizim də tamaşamız balalarımızın sevimli qəhrəmanı Cırtdana həsr olunmuşdur. Bəs, bizim tamaşamızda Cırtdanın başına hansı əhvalatlar gəlir?
Cırtdan qonşunun uşaqları ilə birlikdə meşəyə odun yığmaq üçün gedir. Geri qayıdarkən qaranlıqda yolu azırlar. Ona görə də uzaqdan gördükləri işığa tərəf irəliləyirlər. Nəhayət, Divin yaşadığı yerə çatırlar. Canavar gecə uşaqları yemək üçün özünə cəlb etməyə çalışır.
Uşaqların divdən xilası üçün Alimlər planetindən göndərilmiş Nino və onun həmkarları yer üzündə sülhü bərqərar etmək uğrunda mübarizə aparırlar. Dünyanın öz orbitindən çıxmaması üçün xeyirxah yadplanetlilər səylə çalışırlar. Nino Cırtdanı və dostlarını xilas edib, Alimlər planetinə aparır. Uşaqlar orada elm öyrənirlər və sağ-salamat öz evlərinə qayıdırlar.
Bu nağıl-tamaşa təbiəti qorumağı, dostluqda sədaqəti, həm də elmli və mübariz olmağı tövsiyə edir.